NEQSOL Holding wins multiple Brandon Hall Group Excellence Awards
NEQSOL Holdinq dünyanın hər yerində öz işçiləri və təşkilatları üçün real fayda gətirən proqramlara görə şirkətlərə təltif olunan beş Brandon Hall Group Mükəmməllik mükafatına layiq görülmüşdür.
Holdinqin NEQSOL Akademiyasının rəqəmsal öyrənmə və qarşılıqlı fəaliyyət platforması və Liderliyin İnkişafı Proqramları aşağıdakı kateqoriyalar üzrə dörd qızıl və bir gümüş mükafata layiq görülüb:
- Ən yaxşı Korporativ Tədris Universiteti
- Mobil Öyrənmənin Ən Yaxşı Tətbiqi
- Korporativ Tədris Universiteti üçün Ən Yaxşı Strategiya
- Liderliyin İnkişafında Ən Yaxşı Təkmilləşdirmə
- Kouçinq və Mentorluqda Ən Yaxşı Təkmilləşdirmə
Brandon Hall Group İnsan Kapitalının İdarə Edilməsi (İKİE) sahəsində ən böyük və ən uzun müddətli mükafat proqramını həyata keçirir. Brandon Hall Qrup Mükəmməllik Mükafatları Öyrənmə və İnkişaf, İstedadlı Kadrların İdarə Edilməsi, Liderliyin İnkişafı, İstedadlı Kadrların Əldə edilməsi, İnsan Resursları, Satış Performansı, Müxtəliflik, Bərabərlik və İnklüzivlik, İşin Gələcəyi kimi sahələr üzrə diqqətəlayiq işləri təltif edir. Bu il NEQSOL Holdinq ilə yanaşı, Google, Dünya Bankı, PWC, Rolls Royce, KPMG və başqaları da qaliblər sırasındadır.
İşçilərin bir neçə dildə olan əsas təhsil resurslarına çıxışını asanlaşdıran və onlara sosial platforma vasitəsilə qarşılıqlı əlaqə qurmaq, bir-birindən öyrənmək və əlaqə saxlamaq imkanı verən NEQSOL Akademiyası Brandon Hall Group-un üç mükafatına layiq görülmüşdür. NEQSOL Akademiyası Harvard Biznes Məktəbi, Skillsoft, Crossknowledge, ADA Universiteti və LinkedIn Learning kimi dünya səviyyəli biznes məktəbləri, agentliklər və akademiyalar ilə tərəfdaşlıq edir.
NEQSOL Holdinqin Liderliyin İnkişafı Proqramları işçilərin mövcud liderlik potensialının artırılması və qrup daxilində irəliləməsi üçün lazımi bacarıqları inkişaf etdirmək imkanına görə tanınıb. Yüzlərlə iştirakçı arasından NEQSOL Holdinq sabahın inkişaf edən liderləri üçün qızıl standart kimi seçilib.
"Gələcəyimizin böyük ölçüdə insan kapitalından asılı olduğuna inanaraq, daim yeni ideyalar, metodlar və texnologiyalar vasitəsilə insan kapitalının daha effektiv idarə edilməsi üçün çalışırıq. NEQSOL Holding-in bu sahədə yenilikləri artıq ikinci ildir ki, Brandon Hall Group tərəfindən təqdir olunur və bu, bizim düzgün yolda olduğumuzu sübut edir", - Yusif Cabbarov bildirib.
NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunc bildirib: "Bu mükafatlar işçilərimizə qabaqcıl öyrənmə imkanları təqdim etmək, eləcə də onların liderlik potensialını inkişaf etdirmək yolunda nailiyyətlərimizi əks etdirir. Komandamızı cəlb etmək və gücləndirmək üçün həyata keçirdiyimiz innovativ layihələrimizin belə bir mötəbər mükafata layiq görülməsindən çox şadıq".
"Mükəmməllik Mükafatına layiq görülən şirkətlər başa düşürlər ki, İnsan Kapitalının İdarə Edilməsinin (İKİE) bütün funksiyaları kompleks şəkildə və biznesi irəli aparmaq üçün bir arada işləməlidirlər. Daha çox təşkilatın əməkdaşlıq etdiyini və yeni İKİE təcrübələri vasitəsilə real nəticələr təqdim edərək daha da təkmilləşdiyini və nailiyyətlər əldə etdiyini görmək çox xoşdur", deyə Brandon Hall Group Baş Əməliyyat Direktoru, İKİE Mükəmməllik Mükafatları proqramının lideri Rachel Cooke bildirib.
NEQSOL Holdinq haqqında
NEQSOL Holdinq Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və BƏƏ-də enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti kimi sahələrdə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupudur. Holdinq 10 000-dən çox əməkdaşdan ibarət peşəkar komandaya malikdir. Qrupa daxil olan şirkətlərin əksəriyyəti iyirmi ildən artıq fəaliyyət göstərirlər. Holdinq bu şirkətləri çoxşaxəli biznes portfeli yaratmaq üçün bir araya gətirir və nəticədə şirkətlər arasında strateji idarəetmənin və vəhdətin gücləndirilməsinə kömək edir. NEQSOL Holdinq həm yeni coğrafiyalara, həm də biznes sahələrinə daxil olaraq biznes fəaliyyətini genişləndirməyi planlaşdırır.
Brandon Hall Group haqqında
Brandon Hall Group İnsan Kapitalının İdarə Edilməsi üzrə ən böyük və ən uzun müddətli mükafat proqramını həyata keçirir. Müstəqil İKİE araşdırma və analiz firması olaraq, onlar Öyrənmə və İnkişaf, İstedadlı Kadrların İdarə Edilməsi, Liderliyin İnkişafı, Müxtəliflik, Bərabərlik və İnklüzivlik, İstedadlı Kadrların əldə edilməsi və İR/İşçi qüvvəsinin İdarə edilməsi kimi sahələrdə tədqiqatlar aparırlar. Bu tədqiqatlar təşkilatlarda inkişaf və biznes nəticələri üçün cavabdeh olan rəhbərlər və mütəxəssislər üçün strateji informasiya mənbəyidir. Tədqiqatları qabaqcıl təcrübə ilə birləşdirən Brandon Hall Group qlobal miqyasda 10000-dən çox müştəriyə 29 ildən artıq müddətdə araşdırma və məsləhət xidmətləri təqdim etmişdir. Onun təklifləri üzvlük proqramına əsaslanır ki, bu da araşdırma, müqayisə, məlumatlara və təhlillərə məhdudiyyətsiz giriş imkanı təqdim edir. Üzvlük sayəsində rəhbərlər və mütəxəssislər insanlar, proseslər və sistemlər haqqında düzgün qərarlar qəbul edə bilirlər və bu, araşdırmanı praktik və səmərəli şəkildə həyata keçirməyi hədəfləyən analitik məsləhət xidmətləri ilə təmin edilir.
